Respublika Günü Finlandiyada geyd edilib

27 may 2019

Finlandiyanın Espoo şəhərində 28 May – Respublika gününə həsr olunmuş tədbir keçirilib. Şəhərin Sello kitabxanasının konfrans zalında baş tutan tədbirdə yerli ictimaiyyət nümayəndələri – türk icmasının üzvləri, ziyalılar, iş adamları və fəal gənclər iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Finlandiya Azərbaycanlıları Koordinasia Şurasının əlaqələndiricisi və Azərbaycan-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova qonaqları 28 May – Respublika Günü münasibətilə təbrik edib. O, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğunu xatırladıb. Ü.Cabbarova cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin və onun liderlərinin keçdikləri şərəfli yol, əldə etdikləri nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verib.

Ü.Cabbarova qeyd edib ki, xalqımız Dövlət Müstəqilliyini yenidən qazandıqdan sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələri də bərpa edilib. Amma bu dəfə mürəkkəb vəziyyətə rəğmən, Azərbaycan öz müstəqilliyini və suverenliyini qoruyub saxlamağı, möhkəmləndirməyi bacardı. Dövlətçiliyin qorunması üçün qətiyyətli addımlar atıldı, ölkədə ictimai-siyasi sabitlik bərpa edildi: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu yolda qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir, ölkə iqtisadiyyatı davamlı və dayanıqlı şəkildə inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür”

Tədbirın bədii hissəsində Mona Safojifar, Efe Acar, Könul Saedi və Leyli Hüseynovanın ifalarında Azərbaycana həsr olunmuş əsərlər səsləndirilib.