Parisdə AIDA və INALCO arasında əməkdaşlıq müqaviləsi imzalanıb

27 may 2019

Fransanın Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (INALCO) Azərbaycan səfirliyinin və Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, AIDA rəhbəri Seymur Fətəliyev, səfirliyin müşaviri Vaqif Ağayev, mədəniyyət işləri üzrə attaşe Ülkər Müller, INALCO tərəfdən institutun yeni prezidenti Jan-Fransua Üşe, beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Jil Forlo, beynəlxalq əlaqələr departamentinin rəhbəri Jüli Volf, prezident kabinetinin müdiri Aksel Dükurno və Azərbaycan kafedrasının rəhbəri Aygün Eyyubova iştirak ediblər.

Tərəflər INALCO-da Azərbaycan dilinin, ədəbiyyatının və mədəniyyətinin tədrisi, həmçinin ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Səfir Rəhman Mustafayev Azərbaycan dilinin regionda əhəmiyyətini qeyd edərək, bu amilin XIX əsrdə Qafqaza, o cümlədən Azərbaycana səfər etmiş fransız yazıçısı Aleksandr Düma tərəfindən xüsusilə vurğulandığını diqqətə çatdırıb. A.Dümanın öz qeydlərində “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir” yazdığını xatırladan səfir dilimizin bu təhsil ocağında tədris edilməsinin əhəmiyyətinə toxunub. O, Azərbaycan və Fransa arasında yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunu, ölkəmizdə Fransa-Azərbaycan Universiteti və Fransız liseyinin fəaliyyət göstərdiyini yada salıb.

AIDA-nın rəhbəri Seymur Fətəliyev qurumun məqsəd və fəaliyyəti haqqında ətraflı məlumat verərək, bu qurumun dünyanın bir çox ölkələrində humanitar yardım, təhsil və tədqiqat sahələrində həyata keçirdiyi layihələrdən danışıb. O, qeyd edib ki, AIDA-nın dəstəyi ilə 7 ölkənin 8 elmi mərkəzində Azərbaycanla bağlı tədqiqat işləri aparılır.

İnstitutun prezidenti Jan-Fransua Üşe INALCO-da Azərbaycan dilinin 20 ildir tədris olunduğunu deyərək, bu sahədə mövcud potensialdan maksimum istifadə edilməsinin önəmini vurğulayıb.

Azərbaycan dili tədrisinin uğurlarından bəhs edilərkən qeyd edili ki, 2013-cü ildə institutun yeni binasının açılış mərasiminə gəlmiş Fransanın ali təhsil və elmi tədqiqatlar naziri Jönövyev Fyorazo multimedialardan istifadə edən dərs nümunəsi kimi yalnız Aygün Eyyubovanın tədris etdiyi Azərbaycan ədəbiyyatı və mədəniyyəti dərsində iştirak etmişdi. Nazir Azərbaycan dilinin və mədəniyyətinin tədrisinə maraq göstərmiş, müəllimin tədrisdə yeni informatika texnologiyalarından geniş istifadəsini yüksək qiymətləndirmişdi.

Sonda Seymur Fətəliyev və Jan-Fransua Üşe Azərbaycan dili, ədəbiyyatı və sivilizasiyasının tədrisinə dair əməkdaşlıq müqaviləsi imzalayıblar.

Xatırladaq ki, Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi sayəsində İNALCO-da Azərbaycan dili və mədəniyyəti tədrisi son illərdə xeyli genişlənib, Azərbaycan dilinin öz diplomları təsis edilib.