Ulu öndər Heydər Əliyevin xatirəsinə ithaf olunmuş konsert keçirilib

22 may 2019

Mayın 21-də Özbəkistan Dövlət Konservatoriyasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ayrılarmı könül candan-Azərbaycan!” adlı təntənəli konsert proqramı keçirilib.

Konsert Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Özbəkistanın dövlət və hökümət nümayəndələri, xarici dövlətlərin bu ölkədəki səfirləri, diplomatları, mədəniyyət, incəsənət xadimləri, Azərbaycan diasporunun və yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev tədbiri açaraq bildirib ki, Ulu öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində Vətənimizin və xalqımızın qarşısında müstəsna və əvəzsiz xidmətlər göstərib, dövlətçiliyimizin ən çətin məqamlarında hakimiyyətə gələrək, Dövlət Müstəqilliyimizin məhv edilməsinə yol verməyib. Məhz ulu öndərin tutduğu qətiyyətli mövqe, apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünya miqyasında qüdrətli dövlətə çevrilib. Ulu öndərin siyasətinin bugün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan diplomat qeyd edib ki, xalqımız öz böyük oğlunun xatirəsini daim əziz tutur.

Konsertdə Azərbaycan və SSRİ-nin xalq artisti, Üzeyir Hacöbəyov adına Baki Musiqi Akademiyasının rektoru, tanınmış pianoçu Fərhad Bədəlbəyli, xalq artisti Gülnaz İsmayılova, əməkdar artistlər Anar Şuşalı, İslam Manafov, Turan Manafzadə, beynəlxalq müsabiqələr laureatları Ərəstun Quliyev, Fəqan Həsənli, Abuzər Manafzadə böyük konsert proqramı ilə çıxış ediblər. Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun “Sənsiz”, “Cəngi”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Asəf Zeynallının “Ölkəm”, Rauf Hacıyevin “Azərbaycan”, Muslim Magomaevin “Azərbaycan”, Tofiq Quliyevin “Qızıl üzük”, “Sənə də qalmaz” əsərləri tamaşaçıların alqışları ilə qarşılanıb. Beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin Xocalı soyqırımına həsr etdiyi “Xocalıya” adlı əsəri xüsusi maraq doğurub.

Konsert boyu səhnədəki monitorda Ümummilli lider Heydər Əliyev, Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və müharibə nəticəsində mədəni irsimizə dəymiş ziyan və s. mövzularda videomateriallar nümayiş etdirilib.

Tədbir yerli KİV-lərdə geniş işıqlandırılıb.