Qaregin Njdeyə Bolqarıstanda abidə ucaltmaq təşəbbüsü böyük etiraz doğurub

17 may 2019

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası Bolqarıstan Prezidenti Rumen Radevə, baş nazir Boyko Borisova, həmçinin bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Koordinasiya Şurasının əlaqələndiriciləri Emil Əliyev və Maisə Ağamirzəyevanın ünvanladıqları məktubda erməni irqçi və hərbi cinayətkar Qaregin Njdeyə Bolqarıstanda abidə ucaldılmasına etiraz bildirilib.

Məktubda qeyd edilib ki, kiril əlifbasının təbliğinə xidmət edən bir parkda Q.Njde kimi çinayətkara abidə qoyulması ümumdünya mədəni irsinin dəyəri sayılan bu əlifbaya və həmin qrafikada yazib-yaradan şəxslərə böyük hörmətsizlikdir: "Erməni irqçisi və tseqakron nəzəriyyəsinin banisi olan Q.Njde 1918 − 1922-ci illərdə Zəngəzur, Vedibasar, Göyçə mahallarında, Qarabağ və Naxçıvanda azərbaycanlılara qarşı kütləvi qırğının təşkilatçısı olub. Njdenin rəhbərliyi və göstərişi ilə erməni silahlı dəstələri azərbaycanlılar yaşayan kəndləri yandırır və əhalini qətlə yetirirdi. O, II Dünya müharibəsində faşistlərlə əməkdaşlıq edərək, "erməni legionu" yaradıb. Njde Qafqazda, Krımda və Fransada faşizmə qarşı müqavimət hərəkatının üzvlərini amansızcasına qətlə yetirib. Və nəhayət ki, bu cani kütləvi qətlləri təşkil etməkdə günahkar bilinərək həbs edilib və layiq olduğu cəzanı alıb".

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası diqqəti Njdenin faşist xislətinə yönəldərək, Bolqarıstan hakimiyyətindən bu təşəbbüsün qarşısının alınmasını xahiş edib.