ABŞ-ın daha bir şəhəri 28 mayı “Azərbaycanın Milli Günü” elan edib

16 may 2019

ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhəri 28 mayı “Azərbaycanın Milli Günü” kimi qeyd etməyə hazırlaşır.

Bu barədə Albukerke şəhər meri Timoti M.Keller bəyannamə imzalayıb. Azərbaycanın Los Angelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə bildirilib ki, Azərbaycan xalqı müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika qurub. Cümhuriyyətin qısa müddət ərzində çoxlu sayda mütərəqqi islahatlara imza atdığı, təkcə müsəlman dünyasında deyil, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də daha öncə qadınlara səsvermə hüququ verdiyinə diqqət cəlb olunub.

Sənəddə qeyd edilib ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biridir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini möhkəmləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.

ABŞ və Albukerke şəhəri də daxil olmaqla, bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini “Azərbaycanın Milli Günü” kimi bayram etdiyi qeyd edilən bəyannamədə bildirilib ki, bununla həmvətənlərimiz öz ata-babalarının Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırlayır, Azərbaycan Respublikasının azad və müstəqil dövlət kimi önəmli uğurlarına diqqəti cəlb edirlər.

Bəyannamənin sonunda 28 may tarixi Albukerke şəhərində “Azərbaycanın Milli Günü” elan edilib.