İsraildə İmadəddin Nəsimiyə həsr olunmuş şeir müsabiqəsi keçirilir

16 may 2019

Mayın 15-də Tel-Əvivdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş şairlərin müsabiqəsinin seçim turu başa çatıb.

Müsabiqə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Tel-Əvivdəki Rus Mədəniyyət Mərkəzinin, eləcə də Kiryat Bəlik, Kiryat Yam və Afula bələdiyyələrinin dəstəyi ilə keçirilir.

İnternet səsverməsinin nəticələrinə əsasən, 15 şair - Hanukayev Çinar, Pavel Frenkel, Anton Aqarunov, Anatoli Kilimnik, Şabtay Aqarunov, Batsion Abramova, Semyon Qavrilov, Tofiq Mustafayev, Kostya Vararu, Şahin Göyçaylı, Nikol Neşer, Hikmət Sabiroğlu, Qregori Ostrovski, Tamara Qoldenberq və Marina Qrodnitskaya yarımfinala çıxıblar.
Müsabiqənin yarımfinalı Tel-Əviv, Afula və Kiryat Yama şəhərlərində keçiriləcək.

Mayın 22-də isə Kiryat Bəlikdə keçirilən Qala konsertdə müsabiqənin qalibləri təltif olunacaqlar.

Nəsiminin 650 illiyinə həsr olunmuş festivalın proqramına isə Maqsud İbrahimovun "В аду повеяло прохладой" adlı son kitabının təqdimatı, "Immolatio" tamaşasının müəllifləri Efim Abramov (İsrail) və Leyla Beyim (Çexiya) ilə görüş, “7+7 Azərbaycanın möcüzələri" fotosərgisi daxildir.