Tbilisidə "Heydər Əliyev və Gürcüstan" adlı sərgi açılıb

Mayın 9-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində açılmış sərgi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.

M.F.Axundzadə adına muzeylə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin birgə təşkil etdiyi sərginin açılışında azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri, İnteqrasiya Mərkəzinin şagirdləri iştirak ediblər. Tədbirdən öncə onlar Tbilisinin mərkəzindəki Heydər Əliyev adına parkda Ümummilli liderin abidəsini ziyarət edib, büstün önünə əklil və gül dəstələri qoyublar.

Tədbiri muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva açıb. Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verən muzey direktoru xatırladıb ki, Ümummilli lider Gürcüstanın yaxın dostu olub.

İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələrin bölgənin əhəmiyyətini artırdığını vurğulayıb.

Mərkəzin tarix müəllimi Nərgiz Nəbiyeva qeyd edib ki, məhz Heydər Əliyevin və Eduard Şevardnadzenin birgə səyləri nəticəsində iki dövlət arasındakı dostluq daha da möhkəmlənərək, stratej tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Tədbir H.Əliyevə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.