Kvemo-Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili: “Gürcüstan dövləti və xalqı Heydər Əliyevin dəstəyini heç vaxt unutmayacaq”

Mayın 7-də Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Dmanisi və Bolnisi rayonlarında “Heydər Əliyev və mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönumünə həsr olunmuş tədbirlər Azərbaycanın Gürcüstandakı səfirliyinin, eləcə də Dmanisi və Bolnisi rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə baş tutub.

Dmanisi rayonunu Təhsil Mərkəzində keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Dmanisi rayonunun icra başçısı Giorgi Tatuaşvili, Mənəvi Dəyərlərin Təbliği Fondunun direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Hacı Əli Əliyev, Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və digər şəxslər iştirak ediblər.

Öncə tədbir iştirakçılarını Müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edən səfir Dursun Həsənov bildirib ki, mültikulturalizmin Azərbaycanda yaranmasında, inkişafında və beynəlxalq aləmdə təşviqində Ulu öndərin böyük rolu və əvəzolunmaz xidmətləri olub. Səfirin sözlərinə görə, bu istiqamətdə atılmiş addımlar ölkəmizdəki çoxəsrlik tolerantlıq mühitinin daha da inkişaf etməsilə nəticələnib.

Azərbaycanlı diplomat qeyd edib ki, dövlətimiz dost və qardaş Gürcüstanla bütün sahələrdə əlaqələri inkişaf etdirir və bu, dinə də aiddir. O, ölkələrimiz arasında dinlərarası dialoqu, dini konfessiyalararası əlaqələri digər ölkələr üçün nümunə adlandırıb: “Bu da öz növbəsində xalqlarımız arasındakı tarixi dostluq körpülərinin möhkəmlənməsinə xidmət edib”.

Mənəvi Dəyərlərin Təbliği Fondunun direktoru Mehman İsmayılov bildirib ki, Azərbaycan və Gürcüstanı birləşdirən çoxlu ortaq dəyərlər var: “Hər iki ölkə çoxmillətlidir. Azərbaycanın xarici siyasətində Gürcüstanın özünəməxsus rolu var. Gürcüstanın çətin vaxtlarında hər zaman Azərbaycan gürcü xalqının yanında olub”.

O, vurğulayıb ki, azərbaycanlılar yaşadıqları hər yerdə sahib olduqları tolerantlıq dəyərinə sadiqliklərini nümayiş etdirirlər.

Qafqaz Müsəlmanlarıl İdarəsinin Gürcüstandakı nümayəndəsi Hacı Əli Əliyev deyib ki, Azərbaycanda mövcud olan dini azadlıq, dinlərarası dialoq və dövlət-din münasibətləri bir çox ölkələrə nümunə ola bilər. O, qeyd edib ki, H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə bütün dinlərə aid məbədlərin tikintisi geniş vüsət almışdı və bu siyasət indi də davam etdirilir.

Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov bildirib ki, Azərbaycanın multikulturalizm modelinin dünyada təbliğinə xüsusi diqqət ayrılır.

Digər natiqlər də Ümummilli liderin həm Azərbaycanda mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün böyük xidmətlər göstərdiyini, həm də Gürcüstanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırdığını xatırladaraq, iki xalq arasında mehriban qonşuluq və sıx dostluq münasibətlərindən danışıblar.

Bolnisi rayonunda keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Bolnisi rayonunun icra başçısı David Şerazadişvili, Mənəvi Dəyərlərin Təbliği Fondunun direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Hacı Əli Əliyev, Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən qubernator Şota Rexviaşvili bildirib ki, Gürcüstan dövləti və xalqı Heydər Əliyevin dəstəyini heç vaxt unutmayacaq: “Heydər Əliyev bizim bölgənin ən böyük və ən güclü siyasətçisi olub. Heydər Əliyevin təşəbbüsü ilə bölgədə irimiqyaslı iqtisadi layihələr həyata keçirilib. Bu gün də davam edən layihələr Gürcüstan üçün olduqca böyük əhəmiyyət kəsb edir”.

Qubernator deyib ki, iki ölkə arasında əsrlər boyu qardaşlıq və dostluq münasibətləri mövcud olub və Heydər Əliyevlə Eduard Şevardnadze bu münasibətlərin daha da gücləndirilməsi naminə əvəzolunmaz xidmətlər göstəriblər.

Tədbirin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun nəşr etdirdiyi kitab və kitabçalar tədbir iştirakçılarına paylanıb. Daha sonra iftar süfrəsi təşkil olunub.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş tədbirlər silsiləsi mayın 11-dək Marneuli, Qardabani, Saqareco və Laqodexi rayonlarında da keçiriləcək.