Vyanada müsabiqə qaliblərinin Qala konserti olub

Dahi Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın Vyanadakı ev-muzeyində “Florida Keys” beynəlxalq musiqi müsabiqəsinin qaliblərinin Qala konserti keçirilib.
Avstriyadakı "Culture Meeting Point" təşkilatının musiqi rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova bildirib ki, görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qaliblərinin klassik musiqinin beşiyi sayılan Vyana şəhərində konsert proqramı ilə çıxış etmələrindən böyük məmnunluq duyur.
Müsabiqənin həmtəsisçisi, Florida Texnologiya İnstitutunun professoru, Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təhsil və mədəniyyət komitəsinin rəhbəri Pərvin Muradova (Hacıyeva-Dilbazi) tədbir iştirakçılarına bu konkurs barədə ətraflı məlumat verib. Münsiflər heyətində tanınmış musiqiçilərin təmsil olunduğunu qeyd edən R.Muradova deyib ki, müsabiqə Azərbaycan musiqisini təbliğ etmək, zəngin irsimizi ölkə hüdudlarından kənarda nümayiş etdirmək, gənc istedadları üzə çıxarmaq məqsədi daşıyır. O, əlavə edib ki, fiziki qüsurlu və əngəlli musiqiçilər üçün müsabiqədə ayrıca kateqoriya təsis edilib.
Sonra müsabiqə qalibləri olan gənc ifaçılar konsert proqramı ilə çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəyli, Cövdət Hacıyev, Volfqanq Amadey Motsart, Fridrix Şopen, Tofiq Quliyev, Pyotr Çaykovski, Frans List və digər bəstəkarların əsərləri səsləndirilib. Müxtəlif ölkələri təmsil edən gənc istedadların çıxışları böyük maraq və alqışlarla qarşılanıb. Onların arasında azərbaycanlı musiqiçilər Cavid Yusifzadə (fortepiano) və Nail Qurbanov (tenor) da olublar.