Helsinkidə Nəsiminin yubileyi keçirilib

Aprelin 26-da Helsinkidə mütəfəkkir Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illiyinə həsr olunmuş ədəbi-bədii konfrans keçirilib. Konfrans zamanı Azərbaycanın tarixinə, mədəniyyətinə və mətbəxinə həsr olunmuş sərgi də təşkil olunub.
Tədbir Finlandiya Təhsil işçilərinin həmkarlar ittifaqı ilə müqavilə və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının birgə layihəsi əsasında, eləcə də Finlandiya Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlının təşəbbüsü və dəstəyi, Azərbaycanlı Qadınlar Cəmiyyətinin, Finladiya Azərbaycan Gənclər Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda Finlandiya Xarici İşlər Nazirliyinin Qafqaz ölkələri üzrə rəsmi nümayəndəsi Max Hatvala, Helsinki təhsil idarəsinin rəsmi nümayəndəsi Laurisalo Niina, Təhsil işçiləri həmkərlar ittifaqının rəsmisi Tiina İsaksson, Finlandiya əmək və sosial nazirliyinin əməkdaşı Puroaho Petri iştirak ediblər.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açılıb.
Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay görkəmli şair İmaməddin Nəsiminin həyat və yaradıcılığından ətraflı məlumat verib. O, bildirib ki, Avropa Ədəbi Tərcüməçilər İttifaqının (SİETL) üzvü Tahirə Cəfərovanın təşəbbüsü və redaktorluğu ilə “Gövhəri la məkan mənəm” adlı Azərbaycan poeziya antologiyası fin dilində nəşr olunub. Antologiyada klassik və müasir Azərbaycan şairlərinin yaradıcılığı geniş işıqlandırılıb.
Finlandiya Xarici İşlər Nazirliyinin Qafqaz ölkələri üzrə rəsmi nümayəndəsi Max Hatvala bildirib ki, ölkəsinin Azərbaycanla münasibətləri çox qədim tarixə söykənir və möhkəmdir. Bir ay öncə Azərbaycanda olarkən ona heyran qaldığını vurğulayan M.Hatvala iki dövlət arasında six iqtisadi əlaqələrin mövcudluğuna diqqəti cəlb edib. O, vaxtilə həmyerlilərinin Nobel qardaşları ilə birlikdə Azərbaycanda çalışdıqlarını xatırladıb və əlavə edib ki, hazırda fin iş adamları Azərbaycanda birgə layihələr üzrə işləyirlər. M.Hatvala deyib ki, artıq rəsmi Helsinki Nobel qardaşlarının Vətənimizdəki fəaliyyəti ilə bağlı geniş təqdiqat aparmaq üçün Azərbaycan hökumətinə müraciət edib.
Helsinki təhsil idarəsinin rəsmi nümayəndəsi Laurisalo Niinaya İ.Nəsimi haqqında dinlədiklərindən və təşkil olunmuş sərgidə gördüklərindən təsirləndiyini bildirıb. L.Niina qeyd edib ki, hər sahədə olduğu kimi Azərbaycanla Finlandiya təhsil sahəsində də sıx əlaqələr qurub.
Təhsil işçiləri həmkarlar ittifaqının rəsmisi Tiina İsaksson Finlandiyadakı Azərbaycan diaspor təşkilatlarının birgə layihəsi olan konfransı yüksək qiymətləndirib. O, deyib ki, azərbaycanlılar fin cəmiyyətinə inteqrasiyası təqdirəlayiqdir.
Daha sonra Finlandiya Azərbaycan Gənclər Birliyi Təşkilatının sədri Nəzrin Məcidli və sədr müavinı Ayla Zülfi İ.Nəsimidən bəhs edən təqdimatı nümayiş etdiriblər. Nəsiminin “Məndə sığar iki cahan...” şerini fin dilində söyləyən Nəzrin Məcidlinin Azərbaycan xalq mahnısi "Sarı gəlin"i təsirli ifa etməsi tədbir iştirakçılarını kövrəldib.