Dərbənddə Asəf Zeynallının 110 illiyi qeyd olundu

Aprelin 22-də Dərbənddə, V.Qromakovski adına orta ümumtəhsil məktəbində Azərbaycan bəstəkarı Asəf Zeynallının anadan olmasının 110 illiyinə həsr edilmiş tədbir keçirilib. Yubiley gecəsi Dərbənd şəhərindəki Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin dəstəyilə baş tutub. Tədbirdə şəhər administrasiyasının, mədəniyyət, ictimai təşkilatların təmsilçiləri iştirak ediblər.
Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli bəstəkarın həyat və yaradıcılığı haqqında qısa məlumat verib.
Azərbaycan dili müəllimi Aida Hüseynovanın şagirdlərilə birgə hazırladığı maraqlı yubiley tədbiri zamanı ölməz bəstəkar haqqında sənədli film nümayiş etdirilib, musiqi məktəbinin kollektivi və şagirdləri Azərbaycan bəstəkarının əsərlərindən ibarət musiqi proqramı təqdim ediblər.
Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli Azərbaycan mədəniyyətinin, dilinin, poeziyasının inkişafına verdikləri töhfəyə görə və Asəf Zeynallın 110 illiyi münasibəti ilə ana dili müəllimi Aida Hüseynovaya və məktəb şagirdi Nəzrin Abasovaya minnətdarlığını bildirərək, rəhbərlik etdiyi təşkilatın adından onlara təşəkkürnamə verib.