“Dunyo Boylab” televiziyası Azərbaycana veriliş həsr edib

Aprelin 14-də Özbəkistanın “Dunyo Boylab” telekanalında “Qafqaz mirvarisi – Azərbaycan” adlı veriliş yayımlanıb. Özbəkistanın tanınmış jurnalisti Gulsara Soathonovanın təqdim etdiyi verilişdə Azərbaycanın Gəncə, Şəki və Naftalan şəhərlərindən bəhs edilib.
Jurnalist Gəncəbi Azərbaycanın qədim və ikinci böyük şəhəri, Nizami Gəncəvinin vətəni kimi təqdim edib. Şəhərin tarixi, görməli yerləri, turizm imkanları barədə geniş məlumat verilib, XVIII əsrdə yenidən bərpa olunan Xan bağı, Azərbaycan təbiətinin mirvarisi olan Göygöl haqqında maraqlı kadrlar nümayiş etdirilib.
G.Soathonova qədim tarixə malik Şəki şəhərindəki XVII əsrdə tikilən “Yuxarı karvansara”, unikal memarlıq abidəsi olan Şəki Xan Sarayı, Kiş kəndindəki eramızın I əsrinə aid olan İbadətxana, şəbəkələr, Şəki ipəyi və Şəki halvasından danışıb. Şəki halvasının hazırlanması prosesi nümayiş etdirilib.
Reportajda Naftalan şəhərindəki istirahət, turizm, kurort mərkəzləri, buradakı sanatoriyalarda tətbiq olunan Naftalan neftinin müalicəvi əhəmiyyətindən də söhbət açılıb.
Xatırladaq ki, 2016-cı ildən etibarən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hər il özbək jurnalistlərinin ölkəmizə mediaturu təşkil edilir, Özbəkistan KİV-lərində bu barədə silsilə verilişlər yayımlanır, məqalələr dərc olunur.