"Qlobal Kənd" festivalında Azərbaycan təmsil olunub

Niderland Krallığının Tilburq şəhərindəki Beynəlxalq mərkəzdə “Global Village” (“Qlobal Kənd“) tələbə festivalı keçirilib.
Festivalda ölkəmizi Tilburq Universitetində təhsil alan azərbaycanlı tələbələr Səbuhi Osmanov, Rəşad Mehdiyev, Nərgiz Umudova və Əli Hacıyev təmsil ediblər. Həmyerlilərimizin bu tədbirə qatılması Belçika və Niderlandda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının dəstəyilə gerçəkləşib.
Qeyd edək ki, “Qlobal Kənd“ festivalını dünyanın ən böyük tələbə təşkilatı olan AIESEC keçirir. Məqsəd – Tilburqda təhsil alan əcnəbi tələbələrin bir-birlərinə öz mədəniyyətlərini, adət-ənənələrini, mətbəxini, musiqisini tanıtmaqdır.
Builki festivalda 20-a yaxın ölkənin tələbələri iştirak ediblər. Onların arasında Azərbaycan, Ukrayna, Rusiya, Niderland, Belçika, Meksika, Kolumbiya, Vyetnam və digər ölkələr olub. Hər bir ölkə üçün ayrılan guşədə tələbələr öz təqdimat mərasimlərini təşkil ediblər.
Belçika və Niderlandda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi, Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva deyib ki, Azərbaycan festivalda yüksək səviyyədə təmsil olunub: “Koordinasiya Şurası olaraq hər zaman gənclərlə işləməyə üstünlük verir, onlara daim dəstək olmağa çalışırıq. Builki tələbə festivalında Azərbaycanı təmsil etmək təklifi ilə şuraya müraciət edilmişdi. Şura guşə üçün hazırlanması nəzərdə tutulan bütün vəsaitləri, eləcə də Niderlandda milli mətbəximizi təbliğ edən “Baku Catering” tərəfindən yeməklərimizin hazırlanmasını maliyyə dəstəyilə təmin edib”.
Bir neçə saat davam edən festival zamanı Niderlandda təhsil alan tələbələr – Səbuhi, Rəşad, Nərgiz, Əli və Hökümə guşəyə yaxınlaşan əcnəbi tələbələrə bütün rəmz və suvenirlər, milli geyimlər haqqında geniş və ətraflı məlumat veriblər, Azərbaycandan bəhs edən kitabçalar paylayıblar, milli təamlarımızla bağlı suallara cavab veriblər. Azərbaycan təmsilçiləri milli geyimlərimizi geyinən əcnəbi tələbələrlə xatirə şəkilləri çəkdiriblər, qonaqlarla birlikdə Azərbaycanın milli rəqslərini ifa ediblər.
Tədbir bütün ölkə təmsilcilərinin xatirə şəkli çəkdirməsilə başa çatıb.