Ukraynada Azərbaycan gənclər təşkilatına yeni sədr seçilib

Aprelin 12-də Kiyevdə Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının (ÜAGT) hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ukraynanın müxtəlif bölgələrindən nümayəndələr, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, digər diaspor təşkilatlarının təmsilçiləri, Ukraynanın tanınmış mədəniyyət və idman xadimləri iştirak ediblər.
Konfransda təşkilata sədr, müavinlər, idarə heyətinin və müşahidə şurası üzvlərinin seçkisi keçirilib.
Səsvermə nəticəsində Damət Əsgərov ÜAGT-nin sədri, Tamerlan Sadıqov və Şirəli Şükürov sədr müavinləri seçiliblər. Eyni zamanda, ÜAGT-nin idarə heyətinin və müşahidə şurasının üzvləri müəyyənləşib.
Konfransda çıxış edənlər gəncləri təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıblar. Diaspor rəhbərləri onları Ukraynanın ictimai-siyasi, mədəni həyatında daha fəal olmağa, yeni təşəbbüslərlə çıxış etməyə, Azərbaycanı daha çox təbliğ etməyə çağırıb və bu istiqamətdə onlara lazım olan dəstəyin göstəriləcəyini vurğulayıblar.
Gənc soydaşlarımızı öz sıralarını digər xalqların nümayəndələrilə daha da genişləndirməyə çağıran Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi isə bildirib ki, Azərbaycan dövləti və Dövlət Komitəsi hər zaman onların yanındadır.
Tədbirin sonunda kikboksinq üzrə dünya çempionu Fəxrəddin İsgəndərov və digər azərbaycanlı gənclər Ukraynanın mədəni həyatında, idman sahəsində fəal iştirakına, eləcə də iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfələrə görə fəxri diplomlarla təltif ediliblər.
Qeyd edək ki, ÜAGT 2011-də ildə yaradılıb və Ukraynanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.