Komitə sədri Fuad Muradov bəstəkar Arif Mirzəyevi təbrik edib

Almaniyada yaşayan azərbaycanlı bəstəkar və pianoçu, Azərbaycanın Əməkdar artisti, Azərbaycan və Rusiyanın Bəstəkarlar İttifaqlarının, Leypsiqdəki İ.S.Bax adına Beynəlxalq Musiqi Cəmiyyətinin və Alman-Azərbaycan Forumunun üzvü Arif Mirzəyevin 75 yaşı tamam olur.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov hazırda Bakıda olan bəstəkarı 75 illiyi münasibətilə təbrik edib. O, bəstəkara təşəkkürnamə təqdim edib, ona can sağlığı və fəaliyyətində uğurlar arzu edib. Komitə sədri bildirib ki, Arif Mirzəyev bu gün Avropada Azərbaycan diasporunun fəal üzvü və ölkəmizin layiqli təbliğatçısıdır.
Qeyd edək ki, yalnız Azərbaycanda deyil, bütün Şərq musiqisində dini-memorial orqan və polifoniya musiqisinin banisi olan bəstəkar ölkəmizdə müasir musiqinin polistilistikası üzrə yeganə ustaddır. İ.S.Baxın musiqisi üzrə ixtisaslaşmış A.Mirzəyev görkəmli bəstəkarın yaradıcılığının təbliğatçısı kimi həm də Robin Lenqli adına Orqan kitabxanasının donatorlarından biridir. Təsadüfi deyil ki, Arif Mirzəyevi Almaniyada “Şərqin Sebastyan Baxı” adlandırırlar.
Xatırladaq ki, Bakıda dünyaya gələn bəstəkar, sonralar uzun müddət Moskvada yaşayıb. Hazırda isə o, Almaniyada yaşayır və fəaliyyətini bu ölkədə davam etdirir.