Vankuverdəki soydaşlarımız cəmiyyət təsis ediblər

Kanadanın Vankuver şəhərində yaşayan həmvətənlərimiz "Vankuver Azərbaycanlıları Cəmiyyəti" yaradıblar.
Bu diaspor təşkilatı artıq yerli qanunlara uyğun olaraq rəsmi qeydiyyatdan keçib.
Həmvətənlərimizin bu addımı atmaqda məqsədi Britaniya Kolumbiyası vilayətində, xüsusilə də Vankuver şəhərində yaşayan azərbaycanlıların bir cəmiyyətdə toplanmasına və birləşməsinə nail olmaqdır.
“Vankuver Azərbaycanlıları Cəmiyyəti” milli dəyərlərimizi, adət-ənənələrimizi uzaq Kanadada fəal şəkildə təbliğ etmək, ölkəmizin həyatında xüsusi əhəmiyyət daşıyan tarixi günlərə və milli bayramlarımıza həsr olunmuş tədbirlər təşkil etmək, Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması istiqamətində güclü fəaliyyət göstərmək niyyətindədir.