Nyu-Yorkda etiraz aksiyası

ABŞ-ın Nyu-York şəhərinin Azərbaycan və türk icmalarının üzvləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Ermənistanın BMT-dəki daimi nümayəndəliyi və BMT-nin baş qərargahı qarşısında etiraz aksiyası keçiriblər.
Aksiyada Qarabağ münaqişəsi barədə həqiqətlərin əks olunduğu plakatlar, şəkillər nümayiş etdirilib, Ermənistanın etnik təmizləmə və işğalçı siyasətinə qarşı şüarlar səslənib, baş vermiş hadisələr barədə ətraflı məlumat verilib. Xocalı soyqırımı haqqında ətraflı məlumatın əks olunduğu vərəqələr şəhər sakinlərinə paylanılıb.
“Azərbaycan Nyu-York Assosiasiyası”nın prezidenti Ercan Yerdelenli aksiya iştirakçıları qarşısında çıxış edərək Xocalı soyqırımının qurbanlarını xatırladıb. O, qeyd edib ki, ildən-ilə Xocalı ağrısı daha da artır və göz yaşlarını saxlamaq olmur. Soyqırım zamanı 11 yaşı olan Xocalı sakini Anar Usubov bu hərbi cinayət nəticəsində 27 yaxın qohumunun öldürüldüyünə diqqəti cəlb edib.