Yunanıstanda Azərbaycan çayı təqdim edilib

Aprelin 6-da “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin iqamətgahında xalqımızın ənənəvi içkisi sayılan Azərbaycan çayının təqdimatı keçirilib. Tədbirdə Koraiz Mədəniyyət Cəmiyyətinin sədri Stratos Tsixlas, “Gürcülər Salonikidə” Cəmiyyətinin sədri Zaza Sulamanidze, jurnalist Sofia Prokopidou və başqaları iştirak ediblər.
Təqdimat zamanı Azərbaycan çayının hazırlanma və süfrəyə verilmə qaydası haqqında ətraflı məlumat verilib. Bu proses əyani şəkildə yerli auditoriyaya nümayiş etdirilib.
Təqdimatın təşkilatçısı və Azərbaycan mədəniyyəti ilə yaxından tanış olan Medeya xanım Damotsiadu bildirib ki, Azərbaycanda çay mədəniyyəti qonaqpərvərlik və dostluq rəmzi sayılır. Bu ölkədə əsrlər boyu rəsmi qəbuldan tutmuş elçilik mərasiminədək qonaqlara çay təklif edilib və bu ənənə indi də davam etməkdədir.
Medeya xanım Azəırbaycan çayının müxtəlif bitki və ədviyyatlarla içilməsinin faydaları barədə də məlumat verib. O, zəfəran, mixək, nanə, itburnu və sair bitkilərlə dəmlənmiş bir neçə növ çayı armudu stəkanlarda qonaqlara təqdim edib, Azərbaycan çayının zərif ətri və xoş rəngilə seçildiyini, süfrəyə, adətən şirniyyat, mürəbbə, çərəz və limonla birlikdə verildiyini vurğulayıb.
Tədbirdən böyük zövq alan qonaqlar belə mədəni məclislərin daha tez-tez keçirilməsini arzuladıqlarını bildiriblər. Sonda iştirakçıların bəzilərinə Azərbaycan çayı hədiyyə edilib.