İstanbulda Novruz bayramı qeyd olunub

Tədbir Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə reallaşıb.
Dərnəyin sədri Səfər Qaraqoyunlu, İSTAD-ın baş katibi Mətin Yıldırım, Avropa Azərbaycanlılar Konqresinin (AAK) prezidenti Sahil Qasımov çıxış edərək, Novruz bayramının tarixindən, ənənələrindən danışıblar. Natiqlər bildiriblər ki, günümüzə qədər gəlib çıxan Novruz ənənələri dünya mədəni irsinin ən parlaq tərkib hissəsidir.
İSTAD-ın sədri Səfər Qaraqoyunlu əminliklə qeyd edib ki, ən qısa zamanda Azərbaycanın işğal altında olan torpaqları azad ediləcək və xalqımız Novruz tonqallarını Dağlıq Qarabağın ən uca zirvələrində alovlandıracaq.
İstanbulda yaşayan və çalışan Azərbaycan vətəndaşları, o cümlədən Türkiyə vətəndaşı olan soydaşlarımızın iştirakı ilə keçirilən mərasim geniş konsert proqramı ilə davam etdirilib.