“Maskalanmış soyqırımlar” London Universitetində böyük maraq doğurub

Martın 28-də London Universitetində Xocalı faciəsinə və 31 Mart soyqırımına həsr olunmuş ‘’Maskalanmış soyqırımlar’’ adlı tədbir keçirilib.
Tədbirin ideya muəllifi ve əsas təşkilatçısı City Universitetinin Hüquq fakultəsinin tələbəsi Sabir Məmmədov olub. City Universitetində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin 11 nəfərlik komandasının fəal iştirakı və əvəzsiz köməyi tədbirin baş tutmasında böyük rol oynayıb.
Onun adının ‘’Maskalanmış soyqırımlar’’ seçilməsi də təsadüfən olmayıb. Təşkilatçılar bununla sıravi xarici vətəndaşların diqqətini cəlb etmək niyyətində olublar və məqsədlərinə çatıblar. Tədbir cəmiyyətdə də böyük maraq doğurub. Universitetdə afişaların asılması, vərəqələrin yayılması, tədbirin sosial şəbəkələrdə reklam edilməsi öz nəticəsini verib.
Mövzunun elmi baxımdan müzakirə olunması, məsələyə hüquqi, siyasi və tarixi aspektlərdən yanaşılması, Britaniyada akkreditə olunmuş diplomatik korpusun 120 nümayəndəsinin, o cümlədən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadənin universitetə gəlişi, İngiltərənin ‘’Mergul law’’ hüquq firmasının vəkili, soyqırımın hüquqi izahını verən Ceyms Törni, Londonda fəaliyyət göstərən Azerbaijan House-un təsisçisi Doktor Ali Atalar və 50-dən çox yazının, 5 kitabın müəllifi olan tarixçi Tamara Dragadzenin tədbirdə iştirakı yüksək maraqla qarşılanıb. Eyni zamanda belə formatlı tədbirin daha məlumatlandırıcı və uğurlu olduğunu sübut edib.
Təqdimat və panel müzakirələri zamanı tədbirin təşkilatçısı Sabir Məmmədov soyqırımın hüquqi aspektləri ilə bağlı çıxış edib. Tədbirdə Xocalı və 31 Mart hadisələrinin soyqırım olduğundan bəhs edən slaydşou təqdim olunub. İngiltərə vətəndaşları ilə yanaşı, digər xarici olkələrin təmsilçilərinin spiker və dinləyici rolunda çıxış etməsi də tədbirin maraq doğuran cəhətlərindən biri olub.
Sonda xarici vətəndaşlar tədbiri çox bəyəndiklərini, xüsusilə də, panel müzakirə formatını alqışladıqlarını, ətraflı məlumat aldıqlarını, təqdimatların elektron versiyasını əldə etmək istədiklərini bildiriblər.