Dövlət Komitəsinin sədri Qaraçöp mahalında olub

Aprelin 4-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanın Saqareco rayonunun Qaraçöp mahalına səfər edib.
Qaraçöp mahalının yerli sakinləri ilə görüşü zamanı Dövlət Komitəsinin sədri rəhbərlik etdiyi qurumun gördüyü işlərdən və həyata keçirdiyi layihələrdən danışıb. O, bildirib ki, Qaraçöpə gəlişi soydaşlarımızın qayğı və problemlərini yaxından öyrənmək, onların həlli istiqamətində gürcüstanlı həmkarları ilə birgə fəaliyyət göstərməkdir.
Fuad Muradov bildirib ki, Azərbaycan və Gürcüstan arasında birgə ali məktəbin yaradılması istiqamətində müzakirələr aparılır və bu məsələ Gürcüstana səfəri çərçivəsində keçirdiyi rəsmi görüşlərdə nəzərdən keçirilib: "Bir çox ölkələrdə birgə universitet təsis etməklə bağlı təcrübə var. Gürcüstanda təhsil sahəsində islahatlar həyata keçirilir. İnanıram ki, Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılmasına dair danışıqlar müsbət nəticələnəcək".
Muğanlı kənd məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, pedaqoji elmlər namizədi Fərhad Xubanov, Tüllər kənd məktəbinin kimya müəllimi Ağabala Xeyirxəbərov, Qazlar kənd məktəbinin biologiya müəllimi İsmixan Rəhimov çıxış ediblər.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi nazirinin müşaviri Ayaz Məmmədov, Xarici İşlər Nazirliyinin Diasporla İş üzrə Departamentinin attaşesi Tamar Tevdoradze, Kaxeti qubernatorunun birinci müavini İrakli Şiolaşvili, Saqareco meri Qiorqi Erboconaşvili, merin müavinleri Lekso Gilaşvili, Şota Kakabadze, meriyanın əməkdaşları Arcil Cabadari, Kaxaber Marqabadze, Nika Diqmelaşvili, Saqareco merinin Qaraçöp üzrə nümayəndəsi Natiq Rəsulov, onun müavini Qulu Hacıyev və digər şəxslər iştirak ediblər.