Özbəkistanda “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsi elan edilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Nəsimi ili” ilə əlaqədar Özbəkistanda “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsinə start verib. Müsabiqə Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan olunmasına dair sərəncamına uyğun olaraq keçirilir.
Müsabiqəyə, əsasən, Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeir və poemalar, habelə Nəsimi dəsti-xəttinə uyğun şeirlər toplanılacaq.
Əsərlərin 2019-cu il aprelin 5-dən – iyunun 30-dək Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin poçtuna (culcenter.az@gmail.com) elektron formada göndərilməsi xahiş olunur.
Müsabiqəyə təqdim olunan materiallar:
1. Şeir və poema.
2. Müəllifin pasportunun surəti (elektron formada).
3. Müəllif haqqında qısa məlumat.
Toplanan əsərlər sonda vahid bir nəşrdə cəm edilərək hər iki dilə tərcümə olunacaq, kitab halında yayımlanacaqdır. Müsabiqənin yekununda iki ölkədən ən dəyərli 2 əsərə (ümumilikdə 4 nəfər) Azərbaycan Mədəniyyət Mərkəzinin diplom və pul mükafatları təqdim ediləcəkdir.
Sonda Özbəkistan paytaxtında Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti, “Kitab dünyası” qəzetinin təşkilati dəstəyi ilə “Canımı qıldım fəda...” adlı təntənəli poeziya axşamının keçirilməsi nəzərdə tutulub.