Marneulidə Azərbaycanlıların İnteqrasiya Mərkəzi açılıb

Aprelin 3-də bu münasibətlə Gürcüstanın Marneuli rayonunda təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Azərbaycanın və Türkiyənin bu ölkədəki səfirləri Dursun Həsənov və Fatma Ceren Yazqan, Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Azər Süleymanov, Savalan Mirzəyev, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili və digər dövlət rəsmiləri, yerli ziyalılar, ictimai fəallar iştirak ediblər.
Dövlət Komitəsinin sədri F.Muradov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdıraraq, iki dövlət arasındakı dostluğun sarsılmaz olduğunu və münasibətlərin daha da möhkəmləndirildiyini bildirib.
F.Muradov xatırladıb ki, Marneulidə açılan inteqrasiya mərkəzi ilə bağlı təklifi ötən il yerli gənclər irəli sürmüşdülər: "Mərkəzin açılması olduqca vacib layihədir və ümid edirəm ki, bu məkan yerli azərbaycanlıları narahat edən bəzi məsələlərin həllinə dəstək olacaq”.
Ş.Rexviaşvili Marneulidə inteqrasiya mərkəzinin açılmasını mühüm hadisə adlandırıb və qeyd edib ki, Gürcüstan hökuməti azərbaycanlı vətəndaşların inteqrasiyasına böyük diqqət ayırır: “Gürcüstan və Azərbaycan xalqları tarixən dostluq və qardaşlıq şəraitində yaşayıblar. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri sabit inkişaf edir və Gürcüstan dövləti Azərbaycanla mövcud münasibətlərin möhkəmləndirilməsini dəstəkləyir”.
K.Tsixelaşvili fikrini belə ifadə edib: “Gürcüstanın müxtəlifliyi bir dəyərdir və bu dəyər qorunub saxlanılmalıdır. Ölkədə yaşayan milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası elə formada həyata keçirilməlidir ki, onların etnik və milli mənsubiyyəti qorunub saxlanılsın”.
Dövlət naziri Azərbaycan dövlətinə, SOCAR şirkətinin Gürcüstandakı Nümayəndəliyinə azərbaycanlıların inteqrasiyası və sosial problemlərin həlli istiqamətində göstərdiyi böyük dəstəyə görə minnətdarlığını bildirib.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin icraçı direktoru Aygül İsayeva bildirib ki, yaradılan mərkəzin əsas məqsədi Azərbaycan və Gürcüstan arasında elm, təhsil, mədəniyyət və idman sahələrində mövcud münasibətlərin dərinləşdirilməsi və yerli azərbaycanlıların vətəndaş cəmiyyətinə inteqrasiyasına dəstək verməkdir: “Mərkəzdə Azərbaycan, gürcü və ingilis dili, Azərbaycan və Gürcüstan tarixi tədris olunacaq, idman dərnəkləri fəaliyyət göstərəcək”.
Rəsmi açılış mərasimindən sonra qonaqlar GAİM-də yaradılmış şəraitlə tanış olublar. Sonda tədbir iştirakçılarına Azərbaycan və Gürcüstanın milli rəqsləri təqdim olunub.
Tədbirdən sonra jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri F.Muradov bildirib ki, Azərbaycan gələcəkdə də Gürcüstanda inteqrasiya mərkəzlərinin fəaliyyətinə dəstək göstərəcək. O, qeyd edib ki, Marneulidə açılan Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzində artıq 300-ə yaxın gənc qeydiyyatdan keçib: “Mərkəzdə 9 istiqamət üzrə kurslar keçiriləcək. Gürcüstanın azərbaycanlı gəncləri bilikli və savadlı olsalar, ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynaya bilərlər”.
Dövlət Komitəsinin sədri deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar dövlətçiliyə sadiq, zəhmətkeş və vətənpərvərdirlər: “Azərbaycan və Gürcüstan birgə səylərlə Gürcüstan azərbaycanlılarının inteqrasiyası sahəsində böyük nəticələrə nail ola bilər”.