Özbəkistanın “Sevimli” telekanalında Azərbaycandan danışılıb

Özbəkistanin “Sevimli” televiziya kanalının “Zamon” proqramında Dilnoza Saidovanın Azərbaycanla bağlı geniş reportajı yayımlanıb.
Reportaj bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistinin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.
Dilnoza Saidova öncə Fəxri Xiyabandan söz açıb. O, bildirib ki, burada Azərbaycanın tanınmış siyasət, elm, mədəniyyət, incəsənət xadimləri, ömrünü Vətənin inkişafı və çiçəklənməsinə həsr edən insanlar uyuyur.
Mediatur iştirakçıları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib. D.Saidova Heydər Əliyevin dünya şöhrətli böyük siyasi xadim olduğunu, Azərbaycanın inkişafı və dünyada tanıdılması üçün danılmaz xidmətlər göstərdiyini diqqətə çatdırıb. Jurnalist qeyd edib ki, hər gün buraya ziyarətə əllərində çiçək dəstələri olan yüzlərlə insan gəlir. Sonra çəkiliş qrupu tanınmış oftalmoloq Zərifə Əliyevanın qəbrini ziyarət edib, məzarına çiçək dəstələri düzüb.
Özbək jurnalistləri dahi bəstəkar Üzeyir Hacıbəyovun, SSRİ xalq artistləri Bülbül, Rəşid Behbudov və Müslüm Maqomayevin, Özbəkistanda çox məşhur olan “Qaynana” filminin qəhrəmanı, Xalq artisti Nəsibə Zeynalovanın qəbirlərini də ziyarət ediblər.
Mediatur iştirakçıları Şəhidlər Xiyabanında da olub. Özbək jurnalistlər Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin məzarlarına gül dəstələri düzüblər.
Jurnalist Qəbələ, Qusar rayonlarına səfərindən də danışıb və Şahdağ istirahət mərkəzində xizək sürdüyünü nümayiş etdirib.