Şimali Osetiyada 31 mart soyqırımı qurbanlarının xatirəsi yad olunub

Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında fəaliyyət göstərən Azərbaycan Konqresinin mərkəzi ofisində “31 mart soyqırımı xalqımızın yaddaş acısıdır” adlı tədbir keçirilib.
Şimali Osetiya Respublikası Azərbaycan Konqresinin fəxri prezidenti Şahin Məmmədov erməni vəhşiliyinin bariz nümunəsi olan 31 mart soyqrımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, 1918-ci il martın 31-dən aprelin 3-dək Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri və bolşeviklər azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Şimali Osetiya Azərbaycan Konqresinin sədri Murtaza Gülməmmədov da həm XX əsrin əvvəllərində, həm də sonuncu onilliyində azərbaycanlıların məruz qaldığı erməni təcavüzündən danışaraq 31 mart faciəsini azərbaycanlıların soyqrımı kimi qiymətləndirib.
Tədbirdə Konqresin Ağsaqqallar Şurasının sədri Ələkbər Quliyev, Konqresin Gənclər Təşkilatının sədri Zaur Məmmədov və başqaları iştirak edib.