Rusiyada üç azərbaycanlı “İlin adamı” mükafatına layiq görülüb

Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının (RF TSP) konqres mərkəzində "İlin adamları" biznes mükafatı qaliblərinin təltif olunması mərasimi keçirilib. Tədbir "Russian Business Guide” beynəlxalq jurnalının təşəbbüsü ilə baş tutub. Qeyd edək ki, jurnal 2006-cı ildən etibarən rus və ingilis dillərində RF TSP-nin dəstəyi ilə BUSINESS-DIALOG MEDIA informasiya-kommunikasiya qrupu tərəfindən nəşr edilir.
Mükafatlandırma mərasimində 200-dən çox qonaq - Rusiya və Avropa şirkətlərinin sahibləri və menecerləri, regional biznesin inkişafı institutlarının nümayəndələri, habelə bütün Rusiya ictimai təşkilatlarının rəhbərləri iştirak ediblər.
33 nominasiya üzrə verilən mükafatlar biznesin inkişafında ən yaxşı nümunələr üçün Rusiya və Avropa şirkətlərinin sahiblərinə, eləcə də menecerlərinə verilib. Mükafatın laureatları arasında üç azərbaycanlı da var. Belə ki, "Mədəniyyət mirası" nominasiyasında "ETNOMIR - etnoqrafik park-muzey" layihəsinin rəhbəri Ruslan Bayramov, "Lukes-D" MMC-nin baş direktoru Şahid Əsgərov "Qida istehsalı" nominasiyasında, "Moskva hüquq mərkəzi"nin vəkili Ələkbər Qarayev "Hüquqi xidmətlər" nominasiyasında qalib olub.
Xatırladaq ki, 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Ələkbər Qarayev “Tərəqqi” medalına layiq görülüb.