Həmvətənlərimizin Barselonada ermənilərə sərt etirazı

Martın 31-də Azərbaycan diasporunun üzvləri İspaniyanın Barselona şəhərindəki L'Allança del Poblenou tədbir məkanının qarşısında dinc etiraz aksiyası keçiriblər. Buna səbəb həmin gün ermənilərin orada qondarma “DQR” rejimininin adı ilə bağlı "Artsaxın qəhrəmanları" adlı konsert təşkil etməsi olub.
Aksiyada İspaniya və Fransada yaşayan həmvətənlərimiz iştirak ediblər. Onlar Azərbaycanın dövlət bayraqlarını və ispan dilində yazılmış "Qarabağ Azərbaycanındır!", "31 mart - Azərbaycanlıların Soyqırım Günü" plakatlarını aksiyaya gətirməklə Dağlıq Qarabağın qondarma rejiminin əl atdığı saxta cəhdlərə etirazlarını nümayiş etdiriblər.
Ermənilər aksiyanın dayandırılması məqsədilə qarşıdurma yaratmaq istəsələr də, soydaşlarımız təxribata uymayaraq, dinc formada etiraz aksiyasını davam etdiriblər. Bundan sonra ermənilər yerli polisə müraciət ediblər. Həmvətənlərimiz məkana gələn polislərə martın 31-də Azərbaycanlıların Soyqırım Günü olduğunu bildirərək, həmin tarixdə ermənilərin qəsdən konsert keçirmələrinə dinc şəkildə etiraz etdiklərini nəzərə çatdırıblar. Bu izahatdan sonra yerli polis əməkdaşları neytral mövqe sərgiləyərək, ərazidə təhlükəsiliyin qorunması ilə məşğul olublar.
Sosial şəbəkələrdə canlı olaraq yayımlanan aksiya dinc şəkildə başa çatıb.