Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitabı nəşr olunub

Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evi azərbaycanlı mühacir Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitabını çap edib.
Kitaba müəllifin mühacirət xatirələri, Paris Sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri Ceyhun Hacıbəyli və Əlimərdan bəy Topçubaşovla görüşləri,müəllifin ailə üzləri də daxil olmaqla bir çox mühacirlərin üzləşdikləri çətinliklər daxil edilib.
T. Hacıbəyli İkinci dünya müharibəsində Fransa ordusunun əsgəri olmuş qardaşından, Jan-Pol Sartr və Albert Kamyu ilə dostluq əlaqələrindən də yazıb. Müəllifin əlyazmaları da kitabda yer alıb.
Kitaba yazılmış ön sözün müəllifi Ramiz Abutalıbovdur.
Qeyd edək ki, “Mühacirlərin həyatı” kitabı Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə ərsəyə gəlib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Fransaya səfəri zamanı azərbaycanlı mühacirlərin ailə üzvləri ilə görüşəndə belə bir kitabın nəşrini təklif edib və T.Hacıbəylinin ailə üzvləri bu təklifi razılıqla qarşılayıblar. Sonrakı müddətdə Komitə kitabın nəşr olunması üçün bütün maddi və texniki dəstəyi göstərib. Kitabda Paskal Hacıbəylinin Fuad Muradova ünvanladığı təşəkkürə də yer verilib.
Xatırladaq ki, Timuçin Hacıbəyli Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin oğludur. Onun həyat yoldaşı Paskal Hacıbəyli və oğlu Benjamin Hacıbəyli ötən il Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olub, bir sıra görüşlər keçiriblər.