Əskişəhər Azərbaycanlılar Dərnəyi Novruz bayramını qeyd edib

Əskişəhərdə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin və digər soydaşlarımızın iştirakı ilə təntənəli bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın Novruzun Türk Dünyasınn qədim bayramlarından olduğunu, baharın gəlişinin xəbərçisi, dostluq, qardaşlıq və sevgi bayramı olduğunu qeyd edib. C.Aydın xaricdə yaşayan azərbaycanlılar arasında həmrəyliyin vacib olduğu qeyd edərək, milli adət-ənənələrin yaşadılması baxımından Novruz bayramının qeyd edilməsinin əhəmiyyətindən danışıb.
Tədbirdə tonqal qalanıb, Əskişəhər Azərbaycanlılar Dərnəyinin musiqi qrupunun ifasında Azərbaycan və Türk mahnıları ifa edilib, Novruz xonçasından şirniyyatlar paylanaraq yumurtalar döyüşdürülüb.
Bununla yanaşı, Novruz şənlikləri çərçivəsində Dərnəyin İdarə Heyətinin üzvləri və bir qrup gənc Əskişəhərdə yerləşən qocalar evini ziyarət edib. Nümayəndə heyəti müəssisənin rəhbəri Ali Dertli ilə görüş keçirib və ona Dərnək adından hədiyyə təqdim edilib. Həmçinin, qocalar evi üçün kitablar, dərnəyin mətbu orqanı olan “Üç Çizgi” jurnalı və bayram xonçası təqdim edilib.