Tartuda Azərbaycan günü və Novruz şənliyi

Martın 16-da Estoniyanın elm mərkəzi sayılan Tartu şəhərində “Azərbaycan günü” adlı tədbir keçirilib. Tədbirin həyata keçirilməsində Tartunun azərbaycanlı tələbə icması, Estoniya azərbaycanlı tələbələr cəmiyyəti (Tallin), Azərbaycanın Estoniyadakı səfirliyi və Erasmus Tələbə Şəbəkəsi (Erasmus Student Network) fəal rol oynayıb.
Tədbirə aralarında çox sayda əcnəbi qonaq olan 120-dən artıq insan qatılıb. Əvvəlcə Azərbaycanla bağlı xüsusi təqdimat keçirilib, qonaqlara ölkəmiz və Novruz bayramı haqqında ətraflı məlumat verilib.
Tədbir daha sonra şən və interaktiv oyunlarla – Azərbaycan haqqında viktorina və yumurta döyüşdürülməsi ilə davam edib. Qalib əcnəbilərə mükafat kimi Azərbaycan çayı, Azərbaycan şərabı və Novruz xonçası təqdim olunub.
Qonaqlar tartulu tələbələrin hazırladığı, eyni zamanda Tallindən səfirlik əməkdaşlarının və cəmiyyət üzvlərinin gətirdiyi milli mətbəximizin ləziz təamlarından dadıb, daha sonra Azərbaycan mahnılarına və rəqslərinə tamaşa ediblər.
Şənlik Novruz tonqalı ətrafında səmimi bayram əhval-ruhiyyəsi ilə başa çatıb.