Yunanıstanda Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib

Martın 16-da Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə əcnəbilər üçün Novruz bayramının tarixi, ənənələri barədə təqdimat keçirilib, qonaqlara şirniyyatlar təqdim olunub.
Tədbirdə yunan, türk, ingilis, rumın və başqa millətlərdən olan gənclər iştirak ediblər. Novruz bayramının təqdimatını iştirakçılar maraqla qarşılayıblar. Gənclər yumurta döyüşmək, papaq atmaq və s. kimi adətlərimizi sınaqdan keçirib, milli geyimlərimizdə şəkillər çəkdirib, milli rəqslərimizi ifa ediblər.
Martın 20-də də Novruza həsr olunan şənliklər təşkil edilib. Cəmiyyət Azərbaycanın Yunanıstandakı səfirliyi, Saloniki şəhərində yaşayan həmvətənlərimiz ilə birlikdə Novruz bayramına həsr olunmuş tədbir keçirib. Tədbirə Türkiyə Cümhuriyyətinin Saloniki şəhərindəki baş konsulu Orhan Yalman Okan, konsulluğun əməkdaşları, "Gürcülər Salonikidə" cəmiyyətinin sədri Zaza Sulamanidze və Yunanıstanda yaşayan türk tələbələri qatılıb. “QALA” Cəmiyyətinin sədri Rəşid Məmmədov xaricdə yaşayan bütün həmvətənlərimizi milli bayramlarda həmrəy görməyin qürurverici olduğunu qeyd edib, xalqımıza firavanlıq, sülh və ruzi-bərəkət arzulayıb.