Dövlət Komitəsinin nümayəndələri Finlandiyada Novruz şənliyində iştirak ediblər

Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli və Komitə sədrinin köməkçisi Ziya Ağayev Finlandiyada soydaşlarımızın təşkil etdiyi Novruz şənliyində iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
İlk olaraq Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova çıxış edib. O, Novruz haqda məlumat verərək, bu bayramın əhəmiyyətindən danışıb. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli qonaqlara Komitə sədrinin salamlarını və bayram təbrikini çatdırıb. Onlara həm milli bayramımız haqqında ətraflı məlumat verib, həm də birlik və bərabərlik arzulayıb.
Bayram tədbirində Norveçdə fəaliyyət göstərən “Can” təşkilatının rəhbəri Şervin Nəsəfpur, Kölndən gələn və Azərbaycanı çox sevən istedadlı müğənni Seyran İsmayılxanov, Finlandiyadakı diplomatik korpusun nümayəndələri və türk diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.
14 yaşlı Aysu Saeidinin hazırladığı Novruzu xarakterizə edən video böyük marağa səbəb olub.
Qonaqlara Diasporla İş üzrə Dövlət Komitəsinin tanıtım videosu təqdim edilib. Novruz şənliyi bədii hissə ilə davam edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Novruzun ilaxır çərşənbəsi Finlandiyada ilk dəfə qalanan tonqal ətrafında qeyd olunmuşdu. Bu da Azər-Türk Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutub.
Şənlikdə azərbaycanlı incəsənət xadimlərinin çıxışları və səslənən milli musiqilər maraqla qarşılanıb. İştirakçılar Novruz şənliyinin yüksək səviyyədə qeyd olunmasını təqdir ediblər.