Finlandiyada Novruz bayramı qeyd olunub

Finlandiyada yaşayan azərbaycanlılar milli bayramımız olan Novruzu təntənə ilə qeyd ediblər. Bayram tədbirini Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi və Azər-Türk Gənclər Təşkilatının sədri Ulviyyə Cabbarova təşkil edib. Soydaşlarımız Novruz bayramı münasibətilə bir araya gəliblər və qarlı, soyuq Finlandiyada tonqal ətrafında şənləniblər. Hər kəs məhz bu tonqalın istisi ilə Novruzu daha yaxından hiss etdiyini söyləyib. Helsinkidə bayram əhval-ruhiyyəsi yaşayan azərbaycanlılar milli adət-ənənələrimizin qorunmasının, bayramlarımızın daim Vətəndən uzaqda da qeyd olunmasının vacibliyini qeyd ediblər.