Misirdə Novruz şənliyi keçirilib

“Vətənpərvər” Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin təşkilatçılığı ilə paytaxt Qahirə şəhərində Novruz şənliyi keçirilib. Tədbirdə ölkəmizin Misir Ərəb Respublikasındakı səfirliyinin əməkdaşları, müxtəlif universitetlərin tələbələri, diaspor fəalları və media nümayəndələri iştirak edib.
Tədqiqatçı-alim, “Vətənpərvər” diaspor təşkilatının rəhbəri Seymur Nəsirov iştirakçıları təbrik etməklə bərabər, Novruz bayramının tarixi barədə məlumat verib, azərbaycanlıların milli adət-ənənələrinə sadiqliyindən danışıb.
Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Azər Abbasov ölkələrimiz arasındakı əlaqələrin möhkəmliyini qeyd edib və bildirib ki, belə tədbirlər bayramlarımızın təbliğində əvəzsiz rol oynayır.
Sonra söz “Qarabağ həqiqətləri” kitabının müəllifi Əhməd Əbduh Trabekiyə verilib və o, Misirlə Azərbaycan arasındakə əlaqələrin tarixini şərh edib.
8 il Azərbaycanda təhsil alan və elmi iş müdafiə edən Mona Zidan milli musiqilərimizi ifa edib, xalqımızın qonaqpərvərliyindən danışıb.
Misirli tələbələrin Azərbaycan dilində Novruzu vəsf edən şeirlər söyləmələri və milli mətbəximizin nümayişi qonaqlara xoş əhval-ruhiyyə bağışlayıb.