Fransa Universitetində Azərbaycanla bağlı təqdimat keçirilib

Bu günlərdə Fransanın Lion şəhərində yerləşən və 20 mindən artıq tələbəsi olan Jan Mulen adına Lion-3 Universitetində keçirilən konfransda Azərbaycanla bağlı təqdimata xüsusi yer ayrılıb. Universitet rəhbərliyi 2 saatdan çox davam edən konfransa Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının prezidenti Gunel Səfərovanı dəvət edib.
Günel Səfərova ölkəmiz haqda ətraflı məlumat verdikdən sonra Xocalı soyqırımı, “Xocalıya ədalət” kampaniyası, Azərbaycan torpaqlarının işğala məruz qalması, bir milyondan çox insanın məcburi köçkünə çevrilməsi barədə danışıb. O həmçinin, konfrans iştirakçılarına Avropada fəaliyyət göstərən 20-dən çox Azərbaycan diaspor təşkilatının Brüsseldə keçirdiyi Ümumavropa Qarabağ mitinqi haqqında məlumat verib. Diaspor fəalı Fransada Azərbaycan həqiqətlərinin yayılmasında gənclərin əvəzsiz rol oynadığını və onların bu sahədə doğru məlumatlandırılmasının əhəmiyyətindən danışıb.