Ümumdünya Qış Universiadasının açılış mərasimi keçirilib

Martın 2-də Rusiya Federasiyasının Krasnoyarsk şəhərində Ümumdünya Qış Universiadasının açılış mərasimi keçirilib. Açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin, Beynəlxalq Tələbə İdman Federasiyasının prezidenti Oleq Matıçin və bir çox ölkələrin idman nazirləri, o cümlədən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, yerli “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudov, Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiya ilə iş sektorunun müdiri Tural Səfərov, Rusiya Vəkillər Kollegiyasının üzvü Ələkbər Qarayev, “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri, "Palitra" qəzetinin əməkdaşı Fuad Hüseynzadə və digər qonaqlar iştirak ediblər. Açılış mərasimində Yenisey sahillərində yaşayan xalqların orijinal mədəniyyəti və həyat tərzi nümayiş olunub.
Daha sonra "Qış Universiadası 2019"-un səfirləri, 2 qat Olimpiya çempionu Svetlana Xorkina və 10 qat dünya çempionu Sergey Lomanov tələbə oyunlarının məşəlini alovlandırıblar. Ardınca Atletlər Paradına start verilib. Qeyd edək ki, bu Universiadada 58 ölkədən olan rekord sayda idmançı iştirak edir.
Universiada günlərində soydaşlarımız Azərbaycanın geniş təbliğatını aparır.
Belə ki, Krasnoyarskda Universiada Parkında bir çox ölkələrlə yanaşı, Azərbaycan Evi də yaradılıb. Krasnoyarskdakı Azərbaycan diasporu üzvlərinin fəaliyyətlərini Diasporla İş üzrə Dövlət Komitəsi də yüksək qiymətləndirib. Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, yerli “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudov millətlərarası münasibətlərin möhkəmləndirilməsi və inkişafına verdiyi töhfəyə və Krasnoyarsk vilayətində uzun illər məhsuldar diaspor fəaliyyətinə görə, "Odlar yurdu" ansamblının bədii rəhbəri Aqil Cəfərov isə Krasnoyarsk vilayətində Azərbaycan mədəniyyətinin qorunub saxlanılması və inkişafında uzunmüddətli fəaliyyətinə görə Diasporla İş üzrə Dövlət Komitəsinin Fəxri fərmanı ilə təltif ediliblər. Fəxri fərmanları diaspor üzvlərinə Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiya ilə iş sektorunun müdiri Tural Səfərov təqdim edib. Tural Səfərov Komitə sədrinin salamlarını diaspor üzvlərinə çatdırıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.