Xocalı soyqırımı qurbanları Floridada anılıb

Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması üçün Azərbaycan və türk icmları Florida Türk Mərkəzində bir araya gəliblər. Tədbirə nüfuzlu qonaqlarla yanaşı, dost cəmiyyətlərin fəalları da qatılıb.
Florida Türk Amerika Assosiasiyasının prezidenti Mehmet Akçay və Azərbaycan Amerika Mədəniyyət Mərkəzinin prezidenti Töhfə Eminova tədbir iştirakçılarına Xocalı facisəinin tarixi barədə geniş məlumat verib. Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri Vüqar Qurbanov, Mayami şəhərində Türkiyə Respublikası Baş Konsulluğunun məsləhətçisi Əli Fuad Erkurt, lisey tələbəsi Aydın Eminov soyqırımla bağlı çıxış ediblər. Daha sonra AAMM-nın vitse-prezidenti Fuad Ornarlının hazırladığı bəyanat səslənib.
Tədbirdə tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Şamil Nəcəfzadənin Xocalı faciəsini yaşayan və ondan təsirlənən uşaqlardan bəhs edən "Müharibə uşaqları" filmi nümayiş olunub.
Sonda Ceffri Verbok, Kamil Şahtaxtinski, Pərvin Muradova, Mişa Vitenson və başqalarının ifaları səslənib.