Adana şəhərində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Türkiyənin Adana şəhərində fəaliyyət göstərən Adana-Azərbaycan Kültür və Dayanışma Dərnəyi, Adana Qardaşlar Kültür Dərnəkləri Topluluğunun təşkilatçılığı ilə “Tarix boyunca erməni işğalı və Xocalı soyqırımı” adlı konfrans keçirilib. Konfransda Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Giresun Universitetinin professoru Aygün Attar, Adana-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Yakup Bulut, Adana Böyükşəhər Bələdiyyəsinin müşaviri Ramazan Akyürek, Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri, tələbələr, yerli ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Konfrans Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Adana-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Yakup Bulut tədbiri giriş sözü ilə açaraq Xocalı soyqrımı ilə bağlı qısa məlumat verib.
Daha sonra çıxış edən Giresun Universitetinin professoru Aygün Attar Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında danışıb, belə faciələri törədənlərin beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməli olduqlarını bildirib.
Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev öz çıxışında qeyd edib ki, 27 il əvvəl erməni hərbi birləşmələrinin törətdiyi Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməli, işğal olunmuş Azərbaycan torpaqları azad olunmalı, məcburi köçkünlər öz torpaqlarına qayıtmalı, onların bütün pozulan hüquqları bərpa edilməlidir.
Sonda Adana Böyükşəhər Bələdiyyə Teatrının üzvləri həzin musiqi nömrələri ifa ediblər.