İzmirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Türkiyənin İzmir şəhərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib. Tədbiri Dokuz Eylül Universitetinin professoru Gülmirə Kuruoğlu təşkil edib. Ege Universitetinin, Dokuz Eylül Universitetinin tələbə və müəllimləri, ictimai xadimlər, İzmirdə yaşayan həmyerlilərimiz və media nümayəndələri soyqırım qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Xocalı faciəsi haqqında ətraflı danışılıb, azərbaycanlılara qarşı törədilən misli görünməyən soyqırımın, əslində bəşəriyyətə qarşı yönələn bir cinayət aktı olduğu vurğulanıb.
Sonra Xocalı soyqırımına həsr olunan tamaşa nümayış olunub və fotosərgi təqdim edilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi də iştirak edib.