İordaniyada Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

27 fevral 2019-cu il tarixində Əmman şəhərindəki Rotana otelində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin və ölkəmizin İordaniyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Mərasimdə İordaniya şahzadəsi xanım Basma İrşid, İordaniya Parlamentinin xarici əlaqələr komitəsinin sədri, Parlamentin Yuxarı (Senat) və Aşağı (Nümayəndələr) Palatalarının üzvləri, müxtəlif dövlətlərin İordaniyada akkreditə olunmuş səfirləri, dövlət, ictimaiyyət və KİV nümayəndələri, eləcə də bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Xocalı faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, müqəddəs Qurani-Kərimdən ayələr oxunub.
İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İordaniya Senatın üzvü Mərvan əl-Hmud çıxış edərək İordaniya ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətlərindən, Kral II Abdullah ilə Prezident İlham Əliyev arasındakı şəxsi dostluq və qardaşlıq əlaqələrinin bu münasibətlərə müsbət təsirindən bəhs edib.
M.əl-Hmud Xocalı şəhərində dinc insanların vəhşicəsinə qətlə yetirilməsini, milli və dini dəyərləri əks etdirən abidələrin dağıdılmasını təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş qanlı cinayət adlandırıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi İsmayıl Ənsərli təmsil etdiyi qurumun adından çıxış edərək, Xocalı soyqırımı haqqında ətraflı məlumat verib, soyqırım həqiqətlərinin dünya ictimayiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Azərbaycanın İordaniyadaki səfiri Rasim Rzayev 27 il əvvəl işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı faciəsinin insanlığa qarşı cinayət və xalqımıza qarşı soyqırımı olduğunu bildirib. R.Rzayev İordaniya Senatının Xocalı soyqırımının tanınması və qətiyyətlə pislənməsi barədə sənəd qəbul etdiyini, habelə BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla bağlı keçirilən səsvermələrdə İordaniya tərəfinin daim dost mövqe nümayiş etdirdiyini məmnunluqla vurğulayıb, Kral II Abdullaha, İordaniya xalqına və hökumətinə minnətdarlığını ifadə edib.
İordaniyadakı Azərbaycan diasporunun nümayəndəsi Zümrüd Dadaşova Xocalı soyqırımından danışaraq, bu hadisəni insanlığa qarşı törədilmiş vəhşilik adlandırıb. Daha sonra çıxış edənlər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyib, dinc azərbaycanlılara qarşı törədilən bu cinayətin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd ediblər. İşğal edilmiş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılmasının zəruriliyi və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanıb.
Tədbirdə “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.
Tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən foto sərgi ilə tanış olub, iştirakçılara Qarabağ münaqişəsi, xüsusilə Xocalı soyqırımını əks etdirən kitab və materiallar paylanılıb.