Yunanıstanın Saloniki şəhərində Xocalı sərgisi təşkil olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti fevralın 20-dən 28-dək təşkilatın ofisində "Xocalı Soyqırımını Unutma" adlı fotosərgi keçirir. Bununla bərabər, fevralın 24-də eyniadlı anım mərasimi də təşkil olunub. Tədbirdə Yunanıstanda yaşayan həmvətənlərimizlə yanaşı, Türkiyə Cümhuriyyətinin Saloniki şəhərindəki Baş konsulunun müavini Gülru Tetik, konsulluğun əməkdaşları, Saloniki şəhərində fəaliyyət göstərən Gürcülər Dərnəyinin sədri Zaza Sulamanidze, türk və yunan gəncləri iştirak edib.
"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov Xocalı soyqırımı barədə geniş məlumat verərək 1992-ci fevralın 25-dən 26-sına keçən gecənin Azərbaycan xalqına qarşı soyqırımı olduğunu qeyd edib.
Türkiyənin Salonikidəki Baş konsulunun müavini Gülru Tetik də öz çıxışında Xocalı şəhidlərinin ruhunu hörmətlə anaraq Azərbaycan xalqına səbr arzulayıb və tezliklə hadisənin siyasi-hüquqi qiymət alacağına ümid etdiyini bildirib.
Sonda Xocalı soyqırımını əks etdirən sənədli film göstərilib və şəhidlərinmizin ruhuna dualar oxunub. Tədbir iştirakçılarına Xocalı soyqırımına aid videomateriallar və broşürlar təqdim olunub.