“Cəhənnəmi görmüş pilot” filmi ukraynalı tələbələrə nümayiş etdirilib

Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyevdə Kadrların Təhsili və İnkişafı İnstitutu – KROK-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.
Ali təhsil ocağının akt zalında baş tutan tədbirin ərsəyə gəlməsində universitetin Tələbə Şurası və Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Müzəffər Abbasov xüsusi fəallıq göstərib.
Tədbirdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və təşkilatın sədr müavini Elşad İbrahimov çıxış edib. Onlar Xocalı soyqırımı və bu faciənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində Azərbaycan dövlətinin atdığı addımlardan, diaspor təşkilatlarının qarşısına qoyulan vəzifələrdən danışıblar.
Tədbirdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən hazırlanan “Cəhənnəmi görmüş pilot” sənədli filmi nümayiş etdirilib. Film ukraynalı tələbələrin marağına səbəb olub.
Qeyd edək ki, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı ötən il Ukraynanın Borispol Hava Limanında Xocalı soyqırımından bəhs edən və Ukrayna dilində çap olunmuş bukletlər, kitablar paylayıb və əhalinin maarifləndirməsində yardımçı olub.