"Azİz" Xocalı qurbanlarının xatirəsini yad edib

"Azİz" - İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə İsrailin Qüds şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib. “Prezident Meşəsində” yerləşən “Xocalı-613” bağında keçirilmiş anım günündə İsrail parlamentinin deputatları, görkəmli ictimai xadimlər də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yəhudi Milli Fondunun Avrasiya şöbəsinin baş direktoru İgal Yasinov qeyd edib ki, Fondun tarixində ilk dəfə qeyri-yəhudi millətinin xatirəsinə ağaclar əkilib. Bu isə Xocalı qurbanlarının xatirəsinə böyük ehtiramın göstəricisidir.
Daha sonra çıxış edən “Azİz” Beynəlxalq Assosiasiyasının Baş direktoru Lev Spivak, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi ilə bağlı iştirakçılara geniş məlumat veriblər. Qeyd olunub ki, Azərbaycan ərazisinin 20 faizdən çox hissəsini zəbt edən Ermənistan hələ də bu torpaqları işğal altında saxlamaqda davam edir.
Sonra Yeganə Salman qonaqları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anmağa dəvət edib.
Qeyd edək ki, "Azİz" - İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası 12 ildən artıqdır ki, İsraildə fotosərgi, elmi-praktik konfranslar, kitab təqdimatları kimi tədbirlər təşkil etməklə Xocalı faciəsinin tanınması istiqamətində fəaliyyət göstərir. Bu fəaliyyət çərçivəsində bir neçə il bundan öncə Qüds şəhərinin yaxınlığında “Prezident Meşəsi” adlanan məkanda Xocalı faciəsinin qurbanlarının xatirəsinə 613 ağac əkilib və həmin vaxtdan etibarən soyqırımda həlak olanların xatirəsi bu parkda ehtiramla anılır.