Stokholmda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

İsveçin paytaxtı Stokholmda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. İsveç Azərbaycan Kültür Dərnəyinin (SAF) dəstəyi ilə keçirilən anım tədbirində azərbaycanlılarla yanaşı, isveçli fəallar, türk icmasının üzvləri və digər qonaqlar iştirak edib.
SAF-ın rəhbəri Sevda Dadaşovanın aparıcılıq etdiyi mərasimdə İsveç Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, yazıçı Eluca Atalı çıxış edərək “Biz Xocalı soyqırımını isveçlilərə anlatmaq üçün buradayıq. Hər il olduğu kimi, bu il də soyqırıma etiraz edərək 27 il əvvəl yaşanmış cinayətin yaddaşlarda qalmasına çalışırıq” - deyib.
Daha sonra çıxış edənlər soyqırımı qınadıqlarını bir daha dilə gətiriblər. İştirakçılara Xocalı soyqırımından bəhs edən ingilis dilində sənədli film təqdim olunub.
Tədbir bədii hissə ilə davam etdirilib.