Helsinkidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Finlandiyanın paytaxtı Helsinki şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya uzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə keçirilən tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Tədbirdə Finlandiyada yaşayan azərbaycanlılarla yanaşı, ictimaiyyət təmsilçiləri, Azərbaycan Respublikasının İsveç Krallığındakı müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, Finlandiyadakı diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak edib. Azərbaycan, ingilis və fin dillərində keçən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və soyqırım qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin təşkilatçısı Ülviyyə Cabbarova Xocalı soyqırımı haqqında məlumat verərək bildirib ki, tədbirin də məqsədi soyqırım qurbanlarının xatirəsinin anılması, Azərbaycan torpaqlarının işğalı və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Finlandiya ictimaiyyətinə, beynəlxalq aləmə çatdırılmasıdır.
Günəş Rüstəmzadə isə tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkür edərək, Xocalı soyqırımının tanınması üçün Finlandiya Parlamenti qarşısında məsələ qaldırımasını təklif edib.
Daha sonra Xocalı soyqırımı ilə bağlı video-çarx nümayiş olunub. Tədbir bədii hissə ilə davam etdirilib.