Dövlət Komitəsinin dəstəyi ilə İstanbulda konsert proqramı təşkil edilib

Türkiyənin İstanbul şəhərində Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı konsert proqramı baş tutub. Tədbir İstanbul Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi, Hazar Folklor, Təhsil və Araşdırma Mərkəzinin təşkilatçılığı, Azərbaycanın Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının dəstəyi ilə keçirilib.
Konsert proqramını Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin İstanbul Böyükşəhər Bələdiyyəsinin əməkdaşları, qardaş ölkənin tanınmış ictimai-siyasi xadimləri, Azərbaycan diasporunun təmsilçiləri izləyiblər.
İstanbul Konqres Mərkəzində təşkil olunan tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, hər iki ölkənin şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Konsert proqramında Azərbaycan Dövlət Rəqs Ansamblının 80 nəfər üzvünün ifasında “Toy”, “Bahar”, “Tərəkəmə”, “Ağ çiçək”, “Qazağı” və digər maraqlı rəqslər tamaşaçılara təqdim olunub. Eyni zamanda “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış balet də təqdim edilib. Ansamblın bədii rəhbəri Rusiya Federasiyasının xalq artisti, tanınmış xoreoqraf Dikalu Muzakayevdir.