“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsinə maraq çox böyükdür

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak üçün müraciət müddəti bitmişdir. Belə ki, düşərgədə iştirak etmək istəyənlərin qeydiyyatı üçün son taix 30 iyun 2018-ci il müəyyənləşdirilsə də, sonradan xaicdə yaşayan soydaşlarımızın marağı nəzərə alınaraq, qeydiyyat müddəti 10 iyul 2018-ci il tarixinədək uzadılmışdır.
I Yay düşərgəsinin Təşkilat Komitəsindən verilən məlumata görə hal-hazırda daxil olmuş müraciətlərin emalı prosesi gedir. Ümumilikdə 54 ölkədən Azərbaycan əsilli 721 gənc Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak üçün müraciət etmişdir. Onların arasından müəyyən edilmiş meyarlara uyğun olanları seçilməkdədir.
“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsinə dair elanda da göstərildiyi kimi, düşərgədə qrup müzakirələri, Azərbaycanın tarixi və mədəni yerlərinə ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, əyləncəli-maarifləndirici proqramların təşkili nəzərdə tutulur.
Eyni zamanda, Təşkilat Komitəsi bildirir ki, ilkin planlaşdırmada I Yay düşərgəsinin xaricdə yaşayan 200 nəfər gənci əhatə etməsi nəzərdə tutulurdu və yerləşdirmə, qida, nəqliyyat və s. məsələlər də buna uyğun proqramlaşdırlmışdır. Müraciətlərin çoxluğunu nəzərə alaraq, bu sayın artırılması da mümkündür.