ABŞ-da “Azərbaycan kino gecəsi” keçirilib

Amerika Birləşmiş Ştatlarının Minnesota ştatında “Azərbaycan Kino gecəsi” keçirilib. Əsasən bu ölkədə doğulan uşaq və gənclərin iştirak etdiyi tədbirin məqsədi onları Azərbaycan mədəniyyəti ilə yaxından tanış etmək olub.
"Minnesota Azərbaycan Assosiasiyası"nın təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın məşhur ekran əsərlərindən biri olan “Qaynana” filmi nümayiş etdirilib. Nümayişdən əvvəl filmin ərsəyə gəlməsi, tarixi və baş rolun ifaçısı, mərhum aktrisa, Azərbaycanın xalq artisti Nəsibə Zeynalova haqqında məlumat verilib. Daha sonra filmə baxış keçirilib.
Gecənin qonaqları arasında Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı, amerikalılar və ukraynalılar da olub.
"Minnesota Azərbaycan Assosiasiyası"nın rəhbəri Günel Musəvi bildirib ki, təşkilatın ölkəmizin təbliği ilə bağlı bir sıra layihələri var. Belə ki, Assosiasiya may ayında "Azərbaycan mətbəxi günü" keçirərək amerikalıları mətbəximizin təamlarının hazırlanması ilə tanış etmək niyyətindədir. Bundan başqa, Amerikada doğulub böyüyən azərbaycanlı uşaqlar üçün yay aylarında Azərbaycan dili məktəbi acmaq və digər layihələr həyata keçirmək planlaşdırılır.