Azərbaycan Gəncləri Günü Belçikada qeyd edilib

Belçika və Hollandiya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü olan “Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzi” 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə hər iki ölkədəki azərbaycanlı gəncləri Antverpen şəhərində bir araya gətirib. Koordinasiya Şurasının digər üzv təşkilatları da gənclərə dəstək olmaq üçün tədbirə qatılıblar.
Belçika və Hollandiya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən biri, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva əvvəlcə gənclərin bayramını təbrik edib. Sonra yeni yaradılan Koordinasiya Şurası haqqında danışan M.Ağamirzəyeva bildirib ki, məqsəd hər iki ölkədə pərakəndə fəaliyyət göstərən diaspor təşkilatlarını birləşdirərək daha səmərəli nəticələr əldə etməkdir. O, “Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin də Şuraya qoşulmasının təqdirəlayiq olduğunu qeyd edib.
Sonra Şuranın digər əlaqələndiricisi “EvroAzNl” təşkilatının sədri Emil Əliyev çıxış edərək son zamanlar Şuranın gördüyü işlərdən, əldə edilən nəticələrdən danışıb. Xüsusilə də, yaxın günlərdə Hollandiyada keçirilən turizm sərgisində Ermənistan tərəfinin Dağlıq Qarabağı öz ərazisi kimi göstərərək reklam etməsini və onların bu əməlinin qarşısının alınmasında gənclərin Şura üzvlərinə göstərdiyi dəstəyi vurğulayıb.
Koordinasiya Şurasının digər üzvü, “Odlar Yurdu” Niderland Azərbaycan Cəmiyyətinin sədri Firəngiz Bağırova da təşkilatının fəaliyyəti barədə məlumat verərək diaspor fəaliyyətində gəncliyin dəstəyinə böyük ehtiyac olduğunu qeyd edib və könüllü olaraq vətəni üçün faydalı olmaq qərarını verən gənclərimizə təşəkkürünü bildirib.
“Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin İdarə Heyətinin üzvü İlkin Hüseynov isə gənclər günü münasibətilə keçirilən tədbirdə digər aktual məsələyə toxunub. O, son zamanlar Azərbaycana qarşı qərəzli və ikili münasibət göstərən Avropa Parlamentinə, Avropa Məhkəməsinə təşkilat adından bəyanat göndərməyi təklif edib.
Qeyd edilən məsələ ilə əlaqədar Avropa Parlamentinə, Avropa Məhkəməsinə və digər nüfuzlu beynəlxalq qurumlara bəyanat göndərilməsi ilə bağlı qərar qəbul edilib. Tədbirin sonunda müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar haqqında çəkilmiş sənədli film nümayiş etdirilib.