Səfirlər Şirinov qardaşlarının qəhrəmanlığını alqışlarla qarşılayıb

Ukraynada Holokost qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə Nikolayev şəhərində yaşayan Umud və Sabir Şirinov qardaşlarının qəhrəmanlığı alqışlarla qarşılanıb.
Kiyev şəhər Dövlət Administrasiyasında Holokost Qurbanlarının Beynəlxalq Anım Gününə həsr edilmiş “Altı milyon ürək” adlı mərasim keçirilib. İsrailin Ukraynadakı Səfirliyi, Ukrayna Yəhudi Forumu və Ukrayna Millətlər Assambleyasının təşkilatçılığı ilə baş tutan tədbirdə xarici diplomatik korpusların rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri, Ali Radanın deputatları, Ukraynanın tanınmış ictimai-siyasi xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Ukrayna Millətlər Assambleyasının, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev Holokost soyqırımını Xocalı soyqırımı ilə müqayisə edib. Bildirib ki, tarixdə belə soyqırımı faktlarının baş verməməsi üçün dünya ictimaiyyəti bu cür hallara qarşı amansız mübarizə aparmalıdır. Daha sonra Rövşən Tağıyev Nikolayev şəhərində ukraynalı ailəni ölümdən xilas edən soydaşlarımız Umud və Sabir Şirinov qardaşlarını auditoriyaya təqdim edib. Onların qəhrəmanlıqlarını tədbir iştirakçıları alqışlarla qarşılayıblar.
Sonra Ukraynanın mədəniyyət naziri Yevqeniy Nişikunun təşəkkür məktubu, Ukrayna Millətlər Assambleyasının və BUAK rəhbəri Rövşən Tağıyevin fəxri diplom və hədiyyələri Şirinov qardaşlarına təqdim edilib.
Qeyd edək ki, Umud və Sabir Şirinov qardaşları həyatlarını təhlükəyə ataraq alovlanan avtomobilin içərisindən azyaşlı körpəni, qadını və bir kişini xilas ediblər.